Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına əsasən, Suriya Milli Azadlıq Partiyasının Təsis Komitəsinin sədri Mahmud əl-Məvalidi, hazırkı Suriya hökumətinə qarşı sərt ittiham irəli sürərək, onu “idarə olunan fiqur" kimi xarakterizə etmişdir. O qeyd edib ki, bu hökumət amerikalıların və sionistlərin əmri ilə fəaliyyət göstərir.
Mahmud əl-Məvalidi bildirib ki, Colani qruplaşması adı altında fəaliyyət göstərən silahlı dəstələrin Suriyanın müxtəlif dini və etnik icmalarına xüsusilə ələvilərə, xristianlara və druzilərə qarşı yürütməkdə olduğu aqressiv siyasət, ölkənin dini və məzhəbi xətlər üzrə parçalanmasını hədəfləyən xarici layihənin bir hissəsidir.
O əlavə edib ki, yeni Suriya hökuməti artıq xalqın iradəsini təmsil etmir, əksinə xarici güclərin maraqlarına xidmət edən, Suriya əhalisinin demoqrafik xəritəsini yenidən tərtib etməyə yönəlmiş bir vasitəyə çevrilmişdir. Bu siyasət, mərkəzi dövlətin təsirinin zəiflədilməsi və bölgələrin xarici silahlı qarşıdurmalara və xarici təsirlərə qarşı daha həssas hala salınması yolu ilə həyata keçirilir.
Əl-Məvalidi vurğulayıb ki, Suveyda bölgəsində baş verən hadisələr təcrid olunmuş, təsadüfi olaylar deyil, əksinə, azlıqların sistematik şəkildə zəiflədilməsi və Suriyanın milli birliyinin hədəfə alınması məqsədi daşıyan, uzunmüddətli və məqsədyönlü siyasətin tərkib hissəsidir. O, beynəlxalq ictimaiyyətin bu proseslərə qarşı susqunluğunu “utancverici” adlandıraraq, bu sükutun ABŞ və İsrailin birbaşa müdaxiləsi ilə bağlı şübhələri daha da gücləndirdiyini qeyd edib.
Partiya sədri əlavə edib ki, bu cinayətlərə qarşı susmaq neytrallıq kimi qiymətləndirilə bilməz, əksinə, bu Suriya dövlətinin parçalanmasına yönəlmiş layihəyə dolayısı ilə şəriklik deməkdir. O, xatırladıb ki, bu layihə on ildən artıqdır ki, “çevriliş” və “azadlıq” kimi əsassız bəhanələrlə başladılmış, sonda isə yarımhərbi dəstələrin dövlətin resursları hesabına həyata keçirdiyi zorakı müdaxilələrlə nəticələnmişdir.
Rəyiniz